Xəbər lenti
Bu gün, 12:07

 

 Sözsüz ki, heç bir insan özünü bişərəf hesab etmir və əksinə, onun özünün bişərəf hesab etdiyi insanlar mövcuddur. Eyni zamanda, onlar tərəfindən bişərəf sayılanlar özlərini yox, digərlərini bişərəf hesab edən andan dairə bağlanır və məntiq “təkərə” düşür.

 

NƏ BAŞ VERİB?

15 Noyabr 2019-cu idə İran ərazisində hökumət yanacağa olan qiymətləri iki və bəzi hallarda üç dəfə qaldırdı. İranda bu gün yanacaq iki cür satış edilir:

  1. Kartı Suxt – yəni əhalinin yoxsul təbəqəsinə dövlət tərəfindən verilən güzəştli yanacaq təminatı, yəni ayda cəmi 60 litr benzin 700-800 Tüməndən (0,11 AZN) 1500 Tümənə (0,23 AZN), yəni təxminən 2 dəfə qaldırılıb.
  2. Sərbəst alışda ola yanacağın qiyməti isə 1000 Tüməndən (0,15 AZN) 3000 tümənə (0,46 AZN), yəni üç dəfə qaldırılıb.

Bu da öz növbəsində onsuz da son devalvasiyalardan sonra çətinliklə yaşayan İran xalqına ciddi problemlər “vəd edir”, ona görə ki, benzinin qiymətinin qalxması ilə bütün gündəlik tələbat mallarının da qiymətinin qalxacağı bəllidir.

Sözsüz ki, hökumət bu addımı xoş halına görə atmayıb. İllər boyu bütün dünya ölkələri tərəfindən embarqo qoyulan və bu səbəbdən neft-qaz kimi təbii sərvətlərini məcburən ucuz və ya barterlə satan, Livanda Şeyx Nəsrullahdan tutmuş, Suriyada Əsəd hökumətinə qədər daim şiəliyə maliyyə dəstəyi verən, bu səbəbdən silah istehsalı və nüvə araşdırmalarına ciddi maliyyə sərmayələri yatızdıran, adı çəkilən səbəblər ucbatından son illər ciddi iqtisadi böhran yaşayan İran hökuməti mövcud büdcə kəsirlərini bağlamaq üçün bu günə kimi bütün mövcud reanimasiya yollarından istifadə etmiş və əlacsız qalaraq ictimai protestlərə səbəb ola biləcək qərarlara imza atması ilə vəziyyətin həddindən pis olması haqda bütün dünyaya məlumat verdi.

Xalqın reaksiyası özünü çox gözlətmədi – günün sabahı cəmiyyətin fəal hissələri çölə çıxdı, ilk olaraq sosial şəbəkələr vasitəsi ilə razılaşdırılmış aksiyaya start verildi – İnsanlar maşınları ilə yola çıxdılar və etiraz əlaməti olaraq bir anda hamı maşınını söndürərək onları yolun ortasında qoyub getdilər. Bu İran üçün yeni texnologiya idi, lakin ilk anından işlədi. İranın əsas şəhərlərində nəqliyyatın hərəkəti iflic oldu! Əsas infrastruktur yollar fəaliyyətsiz qaldı. Bunun nəticəsində polis, ordu hissələri və yanğınsöndürən maşınların lazımi istiqamətlərə hərəkətləri məhdudlaşdı və bu, mitinqçilərə mobilizə edilməyə və istədiyi yerlərdə toplanmağa geniş imkanlar yaratdı. Bu müddət ərzində ara küçələrdə boş qalmış ərazilərə yuk maşınları ilə torpaq və çınqıl gətirilərək, şəhərlərdə hökumət strukturlarının nəqliyyat rabitəsi tam iflic vəziyyətə salındı.

Vacib vasitələrdən məhrum qalmış güc strukturları yol infrastrukturunu bərpa etmək üçün mitinqçilərlə münaqişəyə girdilər. Ciddi etirazla qarşılaşan polis və digər güc strukturları atəş açmağa başladı. Həmin “Qan” faktoru əmələ gəldi və bu anadək İranda son qarşıdurmalarda onlarla adam həlak olub. Qarşıdurmalarda azı 4 nəfər Kərəc, 1 nəfər Şəhriyar, 1 nəfər Kermanşahan, 1 nəfər Şiraz, 1 nəfər İsfahanda və s. güllə yaralarından həlak olub.

Adı çəkilən “Qan” faktoru izdihamın məcrasını çox tez dəyişdi. Benzin məsələsi qaldı kənarda və başda Ayətullah Xomenei olmaqla, prezident Ruhani və bütün hökumətin istefa tələbləri yayılmağa başladı. Yüksək sürətlə ayrı-ayrı şəhərlərdə eyni şuarlar səslənməyə başladı. Əvvəlcə “Bişərəf”, “Xomeneiyə ölüm” və “Top, Tufəng, Fiş-Fişi – Axund Bayed Qom Beşe” – bir sözlə, dini hakimiyyətə müxtəlif formalarda istefa tələbləri səslənməyə başladı.

 

Hökumət tərəfi də hücuma keçdi – əvvəlcə Milli Televiziya vasitəsi ilə İranın Dini lideri Ayətullah Xomenei çıxış etdi və bütün bu bəlalarda üçüncü qüvvələri və İranı sevməyən, başda ABŞ olmaqla digər ölkələri günahlandırdı. Şəhər və küçələrdə qanunsuz toplaşanları İran xalqı yox, “Quldurlar və Bişərəflər toplusu” adlandırdı və onlara qarşı ciddi tədbirlərin görüləcəyini vəd etdi. Eyni zamanda polisin və “Ettelaat”ın birgə səyləri nəticəsində meydanlara yığışanların telefonlarına aşağıdakı məzmunda mesajlar yollanıldı:

“Həmşəhərlilər, meydanlarda icazəsiz toplaşmaq, ictimai qaydaları pozmaq, dövlət və ya özəl əmlakı sıradan çıxarmaq və ya ona od vurmaq qadağandır. Xahiş olunur, bu əməllərdən uzaq olun və dost, tanış və qohumlarınızı da bu əməllərdən uzaq tutun. Əks halda sizə qarşı ciddi və qanunla nəzərdə tutulmuş cəzalar tətbiq olunacaq!”. Digər fərdi sms-lərdə deyilirdi: “Biz dövlətə qarşı qanunsuz hərəkətlərdə sizin iştirak etdiyinizi gördük, ciddi nəzarət altındasınız və cəzalandırılacaqsınız”.

Bu mesajların kimin və ya hansı təşkilat tərəfindən yollanılması araşdırılmadan hökumətin bu cür rəftarı küçələrə benzin problemini həll etmək üçün yığışanların əhval-ruhiyyəsinə daha çox “benzin əlavə etdi” və millət “Reza şah, ruhun shad olsun!” kimi şüarlar səsləndirməyə başladı. Böyük şəhərlərdə dini rəhbər Ayətullah Xomeneinin təsvirlərini və plakatlarını “Ağamız od tutub yandı!” şüarları ilə yandırmağa başladılar. Hökumət qüvvələri Buşehr şəhərində toplaşanları suvuran maşınlarla dağıtmağa başladı. Təbrizdə də mülki geyimli polislər (libas-şəxsi) meydanlarda insanlara qarşı təcavüz edib, onları tutaraq maşınlara basıb naməlum istiqamətlərdə aparmağa başladılar.

 

Bunun nəticəsi olaraq, küçələrə çıxmış narazı kütlə dovət təşkilatlarına, banklara, yanacaqdoldurma stansiyalarına od vurmağa başladı, dükanlar qarət edildi… Bəzi şəhərlərdə iş o yerə çatdı ki, izdihamçılar odlu silahdan istifadə edərək polislərə atəş açdılar və polislər də mövqelərini atıb qaçmaq məcburiyyətində qaldılar. Hələ İranın bəzi şimal regionlarında qar yağmasına və soyuq hava şəraitinə baxmayaraq, etirazların qarşısını almaq mümkün olmadı.

İzdihamçıların bu hərəkətlərinə qarşı hökumət yalnız interneti söndürməklə duruş gətirə bildi…

 

DÜYÜNLƏR

İran hökumətinin bu günə qədər bütün dünyaya duruş gətirməsi həm də ondan danışır ki, İranın güclü analitik və siyasi proqnozlaşdırıcı qurumları mövcuddur və onlar İraq, Liviya, Suriya və vətəndaş müharibəsinə uğramış digər ölkələrdən fərqli olaraq bu günə qədər stabilliyi qoruyub saxlaya bilib. Eyni zamanda, İranın dünya səviyyəsinə cavab verən xüsusi və gizli orqanları var ki, onlar da daim həm daxili, həm də xarici kəşfiyyatla məşğuldur və vəziyyəti nəzarətdə saxlamağa çalışırlar. Bəs onda necə oldu ki, bu hadisə baş verdi? Bir necə versiya var:

  1. Hökumət benzinin qiymətini üç dəfə qaldırmaqla, mövcud iqtisadi problemini həll edir və eyni zamanda cəmiyyətdə narazı kütlələri və onlara rəhbərlik edən strukturların aşkarlanması və onların müxtəlif yollarla zərərsizləşdirilməsi üçün özünə əlverişli imkan yaradır. Beləliklə, bu əməliyyat nəticəsində bir çox “azadlıq aşiqləri” və dini hökümətin əleyhdarlarını bir zərbə ilə şəhərlərdə asayişi pozmaq, dövlət əmlakına zərər vurma və s. kimi ittihamlarla uzun müddətə zindana atmaq mümkündür. Və bu arada adı çəkilən binaların əslində kimin tərəfindən yandırılması maraq kəsb etməyəcək. Yəni bunu edənlərin palitrası hökumətin xüsusi xidmət əməkdaşlarından tutmuş, ağılsız dəliqanlılara qədər dəyişə bilər.
  2. İddia edilən İranın Səudiyyə Ərəbistanının neft infrastrukturuna, dənizdə gəmilərə son hücumları, Amerika və Avropanın neft ixrac edən müttəfiqlərinin öz enerji infrastrukturlarını gələcək hücumlardan müdafiə etmək üçün qambit partiyası ola bilər. Amma eyni zamanda İranın regiondakı bu cür təhlükəli və ABŞ, İsrail və Avropa ilə radikal çəkişmələrə daxil olması baş verən son hadisələri əks-qambit partiyasının olmasını da istisna etmir. Bu məntiqlə həm ABŞ, həm də Avropanın möhkəm əlaqələri olan və bir neft istehsalçısı kimi Səudiyyə Ərəbistanı əsas hədəf ola bilər.
  3. Bu xarici xidmətlər tərəfindən illərlə hazırlanan bir cərəyandır və nəticə olaraq bunu yenə də hökumətdə oturan məmurlar benzinin qiymətinin qaldırılması yolu ilə edib və küçələrdə hazırlanmış dəstə başçıları tərəfindən həyata keçirilir.
  4. İllərlə qadağalardan bezmiş, mövcud rejimin əsla heç bir islahat etmək niyyətinin olmadığını dərk edən və ya edilən islahatlar nəticəsində heç dəyişməyən vəziyyətlə barışmayan, tamamilə nəzarət altında olan və müstəqil olmayan media və məhkəmələr, dünya mədəniyyəti və müasir texnologiyalara inteqrasiya etmək istəyən yeni nəsil təmsilçiləri benzinin qiymətinin qaldırılmasını “bayraq edərək”, küçələrə düşüb rejimi dəyişmək üçün bir fürsət kimi istifadə edə bilərlər. Lakin hadisələrin axınına nəzarət edərək, hələlik heç bir liderin aşkar olunmadığını müşahidə etmək olar. Ya o, yoxdur, ya da onun yoxluğu planın tərkib hissəsidir.

  

İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ

Azərbaycanın İranla münasibətləri xüsusilə 1992-ci ildə prezident Əbülfəz Elçibəyin “Bizim iki düşmənimiz var - şimalda Rusiya və cənubda İran” bəyanatından sonra korlandı. İran siyasi liderləri ya Azərbaycana revanşist iddialarla müraciət etdilər və ya əksəriyyəti şiə olan azərbaycanlıları dünyəvi hökumətlərini devirməyə və bunun əvəzinə İranın siyasi modelini qəbul etməyə çağırdılar.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra təhlükəsizlik zərurətləri onun daxildə ciddi dünyəviliyə və xarici siyasətdə qərbyönümlü cərəyana getməsinə səbəb oldu. İran və Rusiya müttəfiqləri olan Ermənistanla, Azərbaycan isə Türkiyə ilə yaxın müdafiə əlaqələri qurmağı seçdi.

Digər tərəfdən, Azərbaycandakı bəzi müstəqil siyasətçilər İranın şimal-qərbində yaşayan etnik azərbaycanlıları İrandan ayrılmağa və şimaldakı etnik əmiuşaqlarına qoşulmağa çağırdılar. İran və Azərbaycan mübahisəli dəniz sərhədləri üzərində Xəzər dənizində təhlükəli hərbi qarşıdurmaya qədər yaxınlaşdılar. İranın “Sabah” TV kanalı hər gün Azərbaycan və onun rəhbərliyinə qarşı verilişlər təşkil edir və hətta Azərbaycan dilində olan verilişlərində latın yox, kiril əlifbasından istifadə edir. Onlarla bu sahədə mübarizə edən Azərbaycanın müstəqil TV Kanalı ANS-in rəhbəri Vahid Mustafa yevi yəhudi adlandırır. 2011-ci ildə iranlı general bütövlüklə Azərbaycanı “İsrailin forpostu” adlandırır və bundan sonra İranın müxtəlif şəhərlərində, məscidlərdə keçirilən xütbələr zamanı mollalar tərəfindən Azərbaycan və onun siyasəti pislənilirdi.

2013-cü ildə İranda prezident Həsən Ruhaninin hakimiyyətə gəlməsi ilə Azərbaycanla İran arasında münasibətlər xeyli yaxşılaşdı. Azərbaycanın müstəqil televiziyası olan ANS İranda müxbir məntəqəsi açmağa müvəffəq olur və dünyanın heç bir ölkəsinə icazə verilməyən videoçəkilişlərə lisenziya alır. ANS-in müdafiə xarakterli verilişləri və Azərbaycan diplomatlarının səyləri nəticəsində İranda həbs olunmuş Azərbaycan elm xadimləri azad olunur. İran şirkətləri Azərbaycana böyük sərmayələr yatırır, iranlılar və azərbaycanlılar bir-birlərinin ölkələrinə ən çox qonaq gedib-gələnlər arasındadır. Hər iki tərəf Xəzər dənizindəki sərhədini cidd-cəhdlə qoruyur (baxmayaraq ki, sərhədlər hələ də Tehran tərəfindən təsdiqlənməyib). Bu da öz növbəsində Azərbaycanın dəniz enerji sənayesinə investisiya yatırmaq istəyən hər hansı bir beynəlxalq neft-qaz şirkətinə güvən verir.

 

PROQNOZLAR

Amma İranda inqilabi tendesiyalar və ya hansısa çaxnaşmaların cərəyanı hər şeydən əvvəl İrana, ondan sonra Azərbaycana, ondan sonra regiona və bütün dünyaya ciddi problem yarada bilər. Sözsüz ki, İran nə İraq, nə Yəmən, nə də Suriyadır. İran güclü dövlətdir və regionda özü siyasət diqtə edir. Məsələn, İranın sayəsində və Şeyx Nəsrullaha verdiyi maliyyə və hərbi dəstəyə görə 2006-ci ildə İsrail ordusu Livana daxil ola bilmədi, məhz İranın sayəsində indiyədək Suriyada Bəşər Əsəd hökuməti hələ də fəaliyyət göstərir.

İran bu gün də qlobal enerji bazarını pozmaq üçün əlində olan bütün strateji vasitələrə malikdir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin başlanğıc nöqtəsi kimi Azərbaycan, ABŞ-ın Avropanı Rusiyanın enerji ixracatından asılı vəziyyətdən çıxartmaq planı üçün açardır. İran tərəfindən maliyyələşdirilən Azərbaycanın bəzi enerji infrastrukturuna, istər Xəzərdə, istərsə də Gürcüstanın qeyri-sabit cənub bölgələrindən keçən neft-qaz boru kəmərlərinə hücumları bu planları ciddi şəkildə poza bilər və Rusiyaya xeyir verə bilər. Baxmayaraq ki, Azərbaycan hökuməti müntəzəm olaraq qatı şiə qruplaşmaları ilə mübarizə aparır, İran öz növbəsində, yenə də 90-cı illərdə olduğu kimi, Qafqazda qatı dindar cərəyanları adından Azərbaycan və Gürcüstanın daxili işlərinə müdaxilə edə bilər. Bundan əlavə, İranın ənənəvi müharibə strategiyası - Yaxın Şərqdə yerli döyüş dəstələrinin yaradılması, maliyyələşdirilməsi və təlimləri Qafqazda da yayıla bilər.

Unutmaq lazım deyil ki, İran hələ də Xəzər dənizinin sahilləri ilə dövlətlərin müvafiq dəniz sərhədlərini demarkasiya etmək üçün imzaladığı “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanı ratifikasiya etməmiş yeganə ölkədir. Bu, rəsmi Tehranın Azərbaycan iqtisadiyyatını və dəniz təhlükəsizliyini həmişəlik həyəcanda saxlamaq strategiyası ola bilər. Lakin sadalanan təhlükələrin hamısı İranın əmin-amanlıq şəraitində həyata keçirə biləcəyi təhlükələrdir, qeyri-stabil vəziyyətdə bu təhlükələrə digər, proqnozlaşdırıla bilməyən ekstseslər baş verə bilər…

 

İranda çaxnaşmalar davam etsə, Suriyadakı kimi qaçqınlar ordusu yarana bilər və aydındır ki, iranlılar üçün regionda miqrasiya üçün ən əlverişli yer Azərbaycan seçiləcək – eyni mədəniyyət, din, adət-ənənə və bir çox hallarda dil. Allah eləməsin, İranda qardaş müharibəsi başlasa, Azərbaycan istəsə də bu hadisələrdən kənarda qala bilməyəcək. Xatırlayıram, 1-ci və 2-ci Çeçen müharibələrində bütün yaralı mücahidlər və ümumiyyətlə bütün qaçqınlar Azərbaycanda məskunlaşmışdılar. Yəqin ki, xatırlayırsınız - o zamanlar çeçenlər hər yerdə idilər, bazarlar, xəstəxanalarda, küçələrdə, hətta hamamlarda… İndi isə müqayisə edək – Çeçenistan əhalisi cəmi 1 mln. 500 mindir – İranın əhalisi 83 mln.

Kimsə hesab edirsə ki, inqilabi yolla və mövcud rejim devriləndən sonra İranda əmin-amanlıq olacaq – böyük səhv edir. Mən, son 30 ildə dünyada baş verən bütün münaqişə və inqilablarda iştirak edən adam kimi 100% zəmanət verə bilərəm ki, vəziyyət yaxşıya yox, daha da pisə doğru dəyişəcək. Belə ki, misal üçün, inqilab zamanı olduğum və reportajlar etdiyim Liviyanı misal gətirə bilərəm:

  1. Liviyanı birləşdirən Müəmmar Qəddafidən sonra ölkə bir neçə hissəyə bölündü və bu gün hər hissəyə fərqli qruplaşmalar nəzarət edir.
  2. Devrilmiş Müəmmar Qəddafi zamanında 1 litr benzin 0,23 AZN idi – bu gün bu rəqəm 4 dəfə bahalaşıb.
  3. Nikah bağlayan hər ailəyə ev almaq üçün dövlət 64000 USD verirdi - bu gün bu imtiyazlar ləğv olunub.
  4. Təhsil və səhiyyə tamamilə təmənnasız idi – indi səhiyyə pulludur, məktəblərin 70%-i işləmir, işləyənlər isə pulludur!
  5. Hər bir ailə üzvünə dövlət hər il 1000 USD təzminat verirdi – bu gün bu imtiyazlar ləğv olunub.
  6. İşsizliyə görə təzminat 730 USD idi - bu gün bu imtiyazlar ləğv olunub.
  7. Xəstəxanada tibb bacısının maaşı 1000 USD idi – bu gün bu rəqəm orta hesabla 170 USD təşkil edir.
  8. Hər yeni doğulmuş uşağa görə 7000 USD təzminat verilirdi - bu gün bu imtiyazlar ləğv olunub.
  9. Şəxsi biznes quranlara 20000 USD maddi dəstək verilirdi - bu gün bu imtiyazlar ləğv olunub.
  10. Və sair və ilaxır.

 

Yadımdadır ki, Benqazi şəhərində (Liviya) inqilabçılardan götürdüyüm müsahibələrdə bütün respondentlərim inqilabdan sonra Liviyada həyatın daha da yaxşı olacağını fərz edirdilər. Lakin, gördüyünüz kimi, nəsə “düz getmədi” və ümidlər gerçəkləşmədi!

 

Odur ki, dua edək, İranda vəziyyət normal məcraya gayıtsın və in şa Allah, hökumət bu dəfə səhvlərini anlayaraq müəyyən güzəştlərə getməyi planlaşdırsın - əks halda, bu cür hadisələrin daha ciddi təşkilatlanmış formada təkrar olunmaq ehtimalı çoxdur!




Ana səhifəyə qayıt        Baxış: 2 007          Tarix: 20-11-2019, 15:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent