Xəbər lenti
7-12-2019, 12:07
6-12-2019, 21:03

 

ABŞ neft yataqlarını əlində saxlamaqda qərarlıdır, Dəməşq isə neftli əraziləri geri tələb edir.

Noyabrın 11-də Rusiya və Türkiyə hərbi qüvvələri Suriyanın şimalında, Fərat çayının şərq sahilində sayca dördüncü birgə patrul həyata keçirib.

Patrulda quru qüvvələri ilə yanaşı, pilotsuz aparatlar (PUA) da iştirak edib. 

Türkiyə və Rusiyanın Suriyanın şimalında birgə patrulu oktyabrın 22-də prezident Ərdoğan və Putin arasında əldə olunmuş Soçi müqaviləsinə əsasən həyata keçirilir. Soçi anlaşmasına əsasən, kürd qüvvələri Suriya-Türkiyə sərhədindən 30 kilometr dərinliyə çəkiləcək və bu əraziyə Suriya ordusu, bir qisminə isə - hansılar ki, “Barış pınarı” əməliyyatı çərçivəsində Türkiyə ordusu nəzarət edirdi - Türkiyə qüvvələri nəzarət edəcək. Rusiya və Türkiyə ordusu birgə patrulu isə bu ərazidən kürdlərin çəkilməsinə nəzarət etməlidir. 

Lakin son günlər Türkiyə prezidentinin açıqlamalarından belə məlum olur ki, kürdlər Soçi anlaşmasına o qədər də sadiq deyillər. 

Kürdlərin bölgədən çəkilməsi və Suriyanın şimalındakı vəziyyət iki gün sonra, noyabrın 13-də Ərdoğanın ABŞ-a səfəri zamanı da müzakirə olunacaq. Çünki ABŞ ordusu oktyabrın 13-də Ankarada imzalanmış razılaşmadan sonra bölgədən çəkilsə də, son günlər yenidən Suriya ərazisində möhkəmlənməsi müşahidə olunur. ABŞ qüvvələri hazırda, əsasən, Suriyanın Deyr əz-Zor və digər neftli ərazilərinə yerləşdirilir.

Suriyaya 2014-cü ildə hərbi qüvvə göndərən ABŞ hökuməti ötən ilin dekabrında ordunu bu ölkədən çıxarmaqla bağlı qərar versə də, Vaşinqton İŞİD təhlükəsinin yenidən baş qaldırıb neftli əraziləri ələ keçirməsi təhlükəsini əsas gətirərək, Suriyanın neftli rayonlarında hərbi qüvvələrini saxlayacağını bəyan edib. 

Qeyd etmək lazımdır ki, 2015-ci ildən Suriyada hərbi bazalar quran ABŞ-ın bu il oktyabrın 9-u, yəni “Barış pınarı” hərəkatı başlayana qədər Suriyanın şimalında 22 hərbi bazası və ya postu olub. Bu bazalarda ümumilikdə iki minə yaxın amerikalı hərbçi olub. Bu bazaların beşi Haseke rayonunda, dördü Deyr əz-Zor vilayətində, beşi Raqqada, beşi Kobani (Ayn əl-Arab) rayonunda, üçü isə Menbic rayonunda yerləşib. 

Lakin Türkiyə prezidentinin amerikalı həmkarı ilə “Barış pınarı” hərəkatı öncəsi telefonla danışıqlarından sonra ABŞ rəhbərliyi hərbi qüvvələrin bir qismini əməliyyat bölgəsindən geri çəkib. Ümumilikdə “Barış pınarı “hərəkatı başladıqdan sonra ABŞ ordusu 16 hərbi baza və postu tərk edib.

Pentaqonun hərbi qüvvələri Raqqa, Menbic və Kobanidəki bütün bazalarını boşaldıb. Yalnız Deyr əz-Zor və Hasekedə, yəni neftli bölgələrdə ABŞ ordusu qüvvələri qalıb. Bu bazalardan dördü birbaşa Suriya-Türkiyə sərhədində olduğu üçün tamamilə tərk edilib. 

Lakin oktyabrın 17-də Türkiyə atəşkəs elan etdikdən sonra ABŞ ordusu daha əvvəl boşaltdığı digər altı hərbi bazaya geri dönüb. Eyni zamanda, amerikalı hərbçilər Hasekedəki bütün hərbi bazalara və Laziqiyyə-Hələb-İraq sərhədini birləşdirən M-4 magistralı üzərindəki Sirrin bazasına geri dönüb.

ABŞ ordusu yalnız Menbicdəki bazalara qayıtmayıb. Çünki Fərat çayının qərb sahilində yerləşən Menbic rayonu bütövlükdə Rusiya və Suriya hərbi qüvvələrinin nəzarətinə keçib. Lakin bunun əvəzinə hazırda ABŞ ordusu Deyr əz-Zor vilayətində yeni hərbi bazalar yaradır.

ABŞ tərəfi noyabrın 4-də bəyan edib ki, Deyr əz-Zor vilayətində iki yeni hərbi bazalar qurulacaq. Bu bazaların əsas hədəfi bu vilayətdə yerləşən neft-qaz yataqları, həmçinin, emal müəssisələrinin qorunmasıdır.

Yeni bazaların qurulması üçün əraziyə 250-300 nəfərlik əlavə qüvvə göndərilib. Eyni zamanda, Pentaqon bəyan edib ki, neft yataqlarını İŞİD hücumundan qorumaq üçün Deyr əz-Zora zirehli texnika və tanklar da yerləşdiriləcək. Hazırda ABŞ ordusunun kürd qüvvələri ilə birlikdə neft rayonlarında patrul həyata keçirildiyi bildirilir. 

Bu arada, Suriya Prezidenti Bəşər Əsəd RT telekanalına müsahibəsində Suriyanın şimalındakı vəziyyətə toxunub. Bəşər Əsəd bildirib ki, Suriya hökuməti kürdlərin çoxu ilə yaxşı əlaqələrə malikdir. Lakin eyni zamanda o, kürdlərin ABŞ-dan silah və pul yardımı aldığını və Suriya neftini oğurladığını bildirib.

Suriya prezidenti qeyd edib ki, rəsmi Dəməşq ölkənin şimalındakı kürd qüvvələrinə Suriya ordusuna qatılmaqla bağlı çağırış edib və kürd komandirlərdən bəziləri bu təklifə müsbət cavab verib. 

Həmçinin, İdlibdəki vəziyyətə toxunan Bəşər Əsəd bu vilayətin silahlılardan təmizlənməsi əməliyyatlarının yaxın zamanda başlayacağını bildirib.

Əsəd bildirib ki, hazırda Suriya ordusu mülki əhalinin İdlibi tərk etməsi üçün vaxt verib. Oxşar bəyanatı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda səsləndirib.

Lavrov deyib ki, Türkiyə hökuməti İdlibdəki müxaliflərlə ən-Nusra kimi terror təşkilatlarını bir-birindən ayırmalıdır. Bundan sonra əməliyyatlar başlayacaq. 

Belə görünür ki, Rusiya, Türkiyə və İran Suriyanın şimalı ilə bağlı razılaşıblar. Kürd bölgəsindən sonra növbədə İdlib var və İdlibdəki silahlılar təmizləndikdən sonra Suriyada siyasi keçid prosesinin masada razılaşdırılması daha da asanlaşacaq.

İdlibin cənub hissəsi Rusiya və Suriya qüvvələrinin nəzarətinə keçəcək, şimal hissəyə isə Türkiyə ordusu və müttəfiqləri nəzarət edəcək. ABŞ və kürd qüvvələri isə Deyr əz-Zor vilayətində qalacaq. 

Lakin indi Deyr əz-Zor və Haseke ətrafında neft yataqlarının kürdlərdə, yəni amerikalılarda qalması növbəti gərginlik rayonunun bu ərazilər olacağını deməyə əsas verir. Ötən həftə ABŞ ordusu baş qərargah rəisi bildirib ki, Suriya neftindən gələn gəlirlər Vaşinqtona deyil, kürdlərə gedir.

Öz növbəsində, Suriya hökuməti neft və qaz yataqlarının kürdlərdə qalması ilə barışmaq istəmir. Suriyanın digər region ölkələri qədər olmasa da, ölkə gəlirlərinin 25 faizini təmin edən həcmdə neft və qaz istehsalı var.

Rəsmi Dəməşqin bu gəlirləri kürdlərə güzəştə getməsi o qədər də real deyil. Bununla yanaşı, ABŞ ordusunun da kürdlərin yekun siyasi statusu müəyyən olunmadığı halda regionu tərk etməsi real görünmür.

Amerikalılarla birbaşa qarşıdurma isə Suriya üçün riskdir. Çünki 2018-ci ilin fevralında Suriya hökumətinə yaxın silahlıların və Rusiyanın “Vagner” özəl hərbi şirkəti döyüşçülərinin Deyr əz-Zorda qaz zavoduna hücumu ABŞ ordusunun kəskin cavabı ilə qarşılaşmışdı.

Növbəti dəfə belə bir hücum regionda böyük bir savaşa çevrilə bilər. ABŞ isə neft-qaz rayonu və Suriyanı İraqla birləşdirən əsas magistralın yerləşdiyi bölgədən bu yaxınlarda çıxmaq fikrində deyil. 




Ana səhifəyə qayıt        Baxış: 85          Tarix: 12-11-2019, 11:01      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent