Xəbər lenti
7-12-2019, 12:07

 

İki gün öncə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılışı oldu. Azərbaycanın yüksək dairələrinin də iştirak etdiyi bu hadisənin iqtisadiyyatımıza nə kimi təsiri ola bilər? Ən əsası isə Avropa ilə siyasi inteqrasiyaya kəm baxan rəsmi Bakı bu layihə ilə Moskvanın da dəstəyini itirə bilərmi?

Zira Qərb strateqlərinin də vurğuladığı kimi, TANAP və TAP əslində Rusiyanın Avropanı qaz inhisarına salmaq strategiyasına qarşı planlaşdırılıb. Hətta ABŞ-ın ən önəmli enerji strateqlərindən olan Amos Hokşteyn də bunu gizlətməyərək deyirdi: “Qərb dövlətlərinin tək bir ölkənin enerji ixracatından asılı vəziyyətə düşməsi və ya ona həddindən artıq möhtac olması yaxşı əlamət deyil. Xüsusilə də həmin ölkənin enerjidən siyasi vasitə kimi istifadə etmək meyli varsa. Bu durumun qarşısını almaq üçün enerji ixrac edənlə təbii sərvətlərin keçdiyi marşrutları bir-birindən ayırmaq lazımdır. TANAP bu iki əsas kriteriyanı özündə birləşdirən layihədir.

Elədirsə, Moskvanın bu qaz kəmərinə loyal münasibəti nə qədər davam edə bilər?

 

REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli Ovqat.com-un bu sualına cavab verərək deyib ki, TANAP və TAP, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində böyük layihələrdir: "Bu layihələr Avropa üçün də strateji əhəmiyyət daşıyır. Rusiya qazından asılılığın azaldılması və Avropa bazarına əlavə xətlərin daxil olması nöqteyi-nəzərindən Avropa Birliyi ölkələri üçün həddindən artıq  prioritet hesab olunur. Ona görə də bu layihəyə Avropa Birliyi tərəfindən həm siyasi, həm də iqtisadi dəstək verildi. Azərbaycan və Avropa Birliyi ölkələri, tranzitdə iştirak edən Gürcüstan və Türkiyə üçün də çox önəmli strateji bir layihədir və gələcəkdə bu layihəyə başqa ölkələrin də qoşulması ehtimalı kifayət qədər yüksəkdir.

 

Layihənin əsas investorlarından birinin Azərbaycan olduğunu xatırladan iqtisadçı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində "Şahdəniz-2"dən başlayaraq TAP layihəsinə qədər kifayət qədər böyük həcmdə, təqribən 24-25 milyard dollara yaxın vəsait xərclədiyimizi bildirdi: “Bu vəsaitin təqribən yarısından bir az çoxu kreditlər şəkilində beynəlxalq maliyyə insitutlarından cəlb olunub. Təbii ki, bu layihə işə düşdükdən sonra Azərbaycana əlavə dividentlər, gəlirlər gələcək və Azərbaycanın gəlirləri sürətlə artacaq, amma gəlirlərin bir hissəsi o kreditlərin faizlərinə və ana borcun bağlanmasına sərf olunacaq. Ona görə də qazdan gələn gəlir neft gəlirləri kimi  nəzərə çarpacaq dərəcədə böyük olmayacaq, ən azı ilk 10 ildə. Amma hər halda bu layihə çərçivəsində Azərbaycan kifayət qədər qaz gəlirlərinin artırılmasına nail olacaq və qazdan gələn gəlirlərin hər il nəzərə çarpacaq dərəcədə artdığının şahidi olacağıq".

 

Rusiyanın Azərbaycan qazının Avropa çatdırılması ilə bağlı narahatlığına gəlincə, Cəfərli xatırlatdı ki, bir neçə il bundan öncə daha çox müzakirə olunan başqa bir variant var idi - "Nabukko": “Sonradan bu layihə Rusiyanın həddindən artıq  aqressiv münasibətinə görə arxa plana keçdi və tamamilə gündəmdən çıxarıldı. Çünki "Nabukko" layihəsinə ilkin mərhələdə başqa ölkələrin də qoşulması nəzərdə tutulurdu. O cümlədən, Türkmənistan, İran və İraqın şimalı da bu layihəyə qoşula bilərdi. "Nabukko” baş tutsaydı, təqribən 40 milyard kubmetrə yaxın qazın Avropaya çatdırılması reallaşacaqdı. Rusiya buna həddindən artıq qısqanc yanaşırdı. Amma TANAP və TAP layihəsi daha yumşaq şəkildə həyata keçirildi. İlkin mərhələdə cəmi 10 milyard kubmetr qaz Avropaya çatdırılacaq və bu, həcm olaraq Rusiya üçün o qədər də böyük rəqabət yaratmır. Çünki Rusiya  Avropa bazarında hər il 145 milyard kubmetr qaz satır. Ona görə də bu layihənin həyata keçirilməsi daha rahat baş verdi. Rusiya tərəfindən bəzi maneələr yaratmağa çalışasalar da, bu layihəni reallaşdırmaq mümkün oldu. Amma  Cənub Qaz Dəhlizinin ikinci mərhələsində Rusiyanın müəyyən maneələrinə rast gələ bilərik. O cümlədən Türkmənistandan, İrandan və İraqdan da TANAP layihəsinə qoşulma planları var. O planların gələcəkdə həyata keçirilməsində Rusiya tərəfindən müxtəlif əngəllərin yaradılması mümkündür".

 

 Bu layihələrin həm iqtisadi, həm də siyasi tərəflərinin olduğunu deyən N.Cəfərlinin fikrincə, Azərbaycan qazı artıq Avropaya çatdırılsa da, son günlər səslənən fikirlərdən görünür ki, siyasi tərəfdən Qərbdən uzaqlaşmağa çalışır. Elədirsə bəs, bu bir-birinə zidd siyasətlər hansı perspektiv vəd edir?

Sualımıza N.Cəfərlinın cavabı:

"Açığı, mən məsələyə başqa cür yanaşıram.  Ritorika, söz olaraq deyilən məsələlərlə, real görülən işlər arasında müəyyən bir uyğunsuzluq ola bilər. Çox güman ki, Rusiya tərəfdən gələ biləcək müəyyən basqıların qarşısının alınması, maneələrin olmaması və qırmızı xətlərin bilindiyi üçün Azərbaycan prezidenti son çıxışında avrointeqrasiya ilə bağlı bəzi neqativ fikirlər səsləndirdi, amma reallıqda Azərbaycanın iqtisadiyyatı Avropa Birliyi ilə çox sıx bağlıdır. Yəni iqtisadi bağlı olan ölkənin istər-istəməz daha sıx siyasi münasibətləri də yaranacaq. Bunların bir-birindən ayrı olması mümkün deyil. Azərbaycanın Avropa Birliyindən çox ciddi asılılığı var. Avropa Birliyinin Azərbaycandan asılılığı isə azdır. Avropa Birliyi ildə 500 milyard kubmetr qaz istehlak edir, Azərbaycan cəmi 10 milyard qaz verəcək. TAP layihəsi bu mənada Avropa Birliyinin hər hansı bir dərdinə çarə deyil. O cümlədən neft də elədir. Azərbaycan neftinin Qərbdə ən böyük alıcısı İtaliyadır. Bu da Avropa Birliyinin istehlak etdiyi neftin cəmi 1,2-1,5 faizidir. Yəni asılılıq qarşılıqlıdır, daha çox da Azərbaycanın asılılığı var.

 

Azərbaycanda ən böyük investorlar Avropa şirkətləridir. Bu günə qədər Azərbaycana qoyulan investisiyaların 80%-dən çoxu Avropa Birliyi və Böyük Britaniyanın üzərinə düşür. Yəni bu əlaqələr çox sıxdır. Ona görə də bəzən Rusiyanı sakitləşdirmək, Rusiyadan gələ biləcək təpkiləri neytrallaşdırmaq üçün ritorik olaraq bəzi belə siyasi bəyanatların verilməsini istiqaməti müəyyən edən qərarlar kimi qəbul etmək doğru deyil. Avropa Birliyi ilə qarşılıqlı münasibətlər var. Mən hətta düşünürəm ki, yaxın gələcəkdə Avropa Birliyi ilə daha sıx tərəfdaşlıq sazişlərinin imzalanmasının da şahidi olacağıq".

Şamo Emin

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 520          Tarix: 2-12-2019, 13:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent