Xəbər lenti
Bu gün, 12:07

 

“Dağlıq Qarabağ probleminin yeganə həll yolu var – Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaq bütünlüyünü və suverenliyini əsas gətirib erməni separatizminə qarşı hərbi əməliyyatlar keçirmək”.

Ədalət Partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyini elan etməsi heç bir hüquqi əsası olmadığından Ermənistanın Azərbaycana qarşı təcavüzüdür və bu təcavüzə 25 il səssiz qalmaq ciddi dövlətçilik anlayışı ilə bir araya sığmır: “Azərbaycan hakimiyyəti bu zamanadək ATƏT-in Minsk qrupunun fəaliyyətini əsas gətirib guya münaqişəni sülh yoluyla həllinə çalışırdı. Biz ilk gündən problemin bu yolla həllinin mümkün olmadığını demiş və bütün platformalarda öz mövqeyimizi dilə gətirmişik. Əsaslandığımız başlıca arqument isə ATƏT-in Minsk qrupunun problemi həll etmək səlahiyyətinin olmamasıdır. Minsk qrupu tərəflərə sadəcə müəyyən tövsiyələr verə bilər və  o tövsiyələrin qəbul edilib-edilməməsi tərəflərin iradəsindən asılıdır. Ermənilər isə ilk gündən bu təklifləri qəbul etməyəcəklərini açıq şəkildə ortaya qoyurdular. Minsk qrupunun heç bir məcburedici gücü olmadığından irəli sürdüyü təkliflər də havadan asılı qalmağa məhkum idi”.

 

Artıq neçə ildir ki, Minsk qrupunun fəaliyyətinin ümumiyyətlə nəzərə çarpmadığını deyən İlyas İsmayılov hakimiyyətin indi belə hərbi əməliyyatlara başlamamasının izahedilən tərəfi olmadığına inanır: “Üstəlik, son zamanlar Azərbaycana xaricdən “güzəştə get” tələbləri də artmağa başlayıb. Bu yaxınlarda Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin mediaya verdiyi müsahibə təkcə hansısa ermənipərəst rus deputatının mövqeyi deyil, həm də rəsmi Bakıya beynəlxalq təzyiqin ifadəsidir. Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanıması müqabilində 5 rayonun geri qaytarılması, belə görünür ki, əksər beynəlxalq güc mərkəzlərinin tələbidir. Bu da birbaşa Azərbaycandakı siyasi rejimin mahiyyətindən qaynaqlanır. Rəsmi Bakı bütün dünyaya dəfələrlə göstərib ki, bu ölkədə onun iradəsinə qarşı çıxa biləcək müxalif qüvvə yoxdur, Azərbaycanı istədiyi kimi idarə edir, məzlum gününə qoyulmuş xalq da bütün bunlara dözür. Bunun əksinə olaraq, ermənilər isə ən kiçik kompomisə getməyə hazırlaşan hakimiyyətlərini devirirlər. Belə vəziyyətdə ən səmimi dövlətlər belə, əlbəttə ki, güzəştə getməyi bacaran tərəfdən kompomis tələb edərlər”.

 

Zatulinin həmin çıxışında erməni separatizminə dəstək verərkən əsaslandığı “xalqların öz müqəddatını təyinetmə” arqumentinin Dağlıq Qarabağ ermənilərinə şamil edilə bilməyəcəyini deyən hüquq elmləri doktoru fikirlərini belə əsaslandırdı: “Əvvəla, ermənilər bu hüquqdan faydalanaraq Ermənistan dövlətini qurublar. Hardasa kompakt yaşayan toplumlar isə xalq deyillər və beynəlxalq hüququn bu prinsipindən istifadə edə bilməzlər.

Ermənilər də bunu yaxşı bilirlər və öz qanunsuz tələblərini əsaslandırmaq üçün Dağlıq Qarabağ sakinlərini Artsax xalqı adlandırırlar. Halbuki, belə bir xalq yoxdur, Azərbaycanın erməni vətəndaşları var və sovet hakimiyyəti dövründə öz vətəndaşlıq hüququndan ən çox istifadə edənlər də məhz onlar idilər.

İkincisi, beynəlxalq hüququn imperiativ tələbi olan ərazi bütövlüyü öz müqəddəratını təyinetmə haqqından daha üstündür. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ ermənilərinin bu istəyi yalnız və yalnız Azərbaycan xalqının razılığı ilə həyata keçirə bilər və Azərbaycan xalqının nə vaxtsa buna razılıq verməsi boş xülyadan başqa bir şey deyil”.

Beynəlxalq birliyin Azərbaycan xalqını biabırçı sülhə hazırladığını düşünən partiya sədri hakimiyyəti bu təslimiyyətçilik ssenarisini həyata keçirməkdə günahlandırdı: “Amma Azərbaycan xalqı böyük mədəniyyətinin meydana gəldiyi dədə-baba torpaqlarının, göz bəbəyi hesab etdiyi ərazilərinin ermənilərə verilməsilə barışa və milli heysiyyata toxunan heç bir sülh qalıcı ola bilməz”.

 

Son zamanlar Azərbaycanın nəinki Dağlıq Qarabağ məsələsində iradə ortaya qoymadığını, hətta ermənilərə az qala yalvardığı imicinin formalaşdırıldığını düşünən İlyas İsmayılova görə, bunun ən bariz nümunəsi Ata Abdullayev adlı hakimiyyət trollunun İtaliyada çıxardığı oyunbazlıqdır: “Müxalifəti söymək üzrə ixtisaslaşmış bu adamı Milandakı erməni kilsəsinə aparanlar və orda Paşinyana yalvartdıranlar şüurlu şəkildə Azərbaycanı aşağılamaq məqsədi daşıyıblar. Bu trollun səviyyəsiz suallarına Paşinyanın verdiyi düşünülmüş cavablar ermənilərin arqumentini bir daha gücləndirdi. İndisə bu məğlubiyyətə sahib çıxan yoxdur. Prezidentin köməkçisi Əli Həsənov Ata Abdullayev biabırçılığından dərhal sonra mətbu orqanlara çıxıb bu adamın ona aid olmadığını sübuta yetirməyə çalışır. Deyir ki, Azərbaycanın hər hansı vətəndaşının öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq beynəlxalq tədbirlərə qatılmaq, kiməsə dəstək və ya etiraz etmək hüququ var. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur. Elə bu fikirlər Ata Abdullayevi müdafiə etmək deyilmi? Sual olunur: cənab Əli Həsənov, Ata Abdullayevin həqiqətən də sizə aidiyyəti yoxdursa, niyə bu biabırçılığa ilk reaksiyanı siz verirsiniz? Axı bütün Azərbaycan xalqı danışığını bilməyən bu adamın arxasında kimin dayandığını yaxşı bilir.

 

Bəs bir neçə ay bundan əvvəl həmin adamı xarici səfərlərin birində Prezidentlə görüşdürən və birgə çəkdirdikləri şəkilləri mətbu orqanlarda tirajlayan kim idi? Axı o mətbu orqanların kim tərəfindən idarə olunduğunu hər kəs bilir. Prezidentlə Ata Abdullayevin bir yerdə şəkilini tirajlayanların bir də onu Paşinyanın qarşısına biabırçı şəkildə çıxarmaqla nəyə nail olmaq istədikləri aydındır. Hesab edirəm ki, bu barədə bizdən daha çox ölkə başçısı düşünməlidir.




Ana səhifəyə qayıt        Baxış: 4 565          Tarix: 22-11-2019, 09:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent