Xəbər lenti
7-12-2019, 12:07
6-12-2019, 21:03

 

“Çox təəssüflə xəbərdar oldum ki, Amerikada erməni lobbisinin fəaliyyəti ilə qondarma Qarabağ hökumətinin xarici işlər naziri Amerikaya səfər edib. Amerika bu xətakara viza verib. Daha pisi isə Amerika Nümayəndələr Konqresi sədrinin onunla görüşməsidir. O, Amerikanın digər rəsmiləri ilə də görüşmüş və onlarla apardığı müzakirələrdə demişdir ki, mənim bu səfərim Qarabağın müstəqil bir hökumət olması və rəsmi dövlət kimi formalaşması üçün bir müqəddimədir.”

Ovqat.com İranın yarırəsmi saytı Arannews-Tashaio.com-a istinadən xəbər verir ki, bu sözləri Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili ötən həftə cümə xütbəsində deyib.

Demək olar ki, bütün xütbələrini Azərbaycana və onun qanayan yarası Qarabağ probleminə həsr edən ayətullah bu dəfə də öz ənənəsini pozmayıb.

Məlumata görə, Vəliyyi-fəqihin, yəni İran dini liderinin nümayəndəsi olan ayətullah Amili Azərbaycan Respublikası xalqına və hakimiyyətinə məsləhət verməyi də özünə borc bilib: “Mənim iki sözüm vardır: biri Azərbaycan Respublikası xalqına; digəri isə bu ölkənin dövlətinə. Azərbaycan Respublikası xalqı öz düşmənini yaxşı tanımalı və bilməlidir ki, Qarabağ torpağının azad olmamasının əsas səbəbkarı Amerika dövlətidir. Dövlət və qeyri-dövlət adamları tərəfindən İran məsələsinin ortaya atılması izi itirmək və siyasi məqsədlər üçündür. Amerika xüsusi şəkildə Qarabağ hökumətini himayə edir və bu işi ilə həm Azərbaycanın ərazi bütövlüyünü pozur, həm Azərbaycan xalqına hörmətsizlik edir, həm də Minsk qrupunun tərəfsiz bir qrup olmadığını sübuta yetirir. Azərbaycan dövlətinə sözümüz budur ki, qeyd olunan hərəkətlər sübut edir ki, siz böyük dövlətlərə, yaxud Minsk qrupuna ümid bağlamamalısınız. Həmçinin bilməlisiniz ki, öz torpaqlarınızı azad etmək üçün Amerika və sionist rejimə göstərdiyiniz xidmətlərinizin hamısı hədər idi və siz bu səhvi davam etdirməməlisiniz. Məğlubiyyətin yarı yolundan qayıtmaq özü bir qələbədir. Öz xalqınıza arxalanın və müsəlman cavanlara güvənin. İyirmi ildən çox yadlara ümid bağladınız, bundan sonra öz xalqınıza və qəhrəman gənclərə ümid edin”.

 

Bu sözlərdən sonra ayətullah "ağzındakı paxlanı" çıxarıb. Ayətullahın sözünə görə, Azərbaycan hökuməti icazə versə, bu il Kərbəlaya İmamın 40-na gedən 70 min azərbaycanlı gənc nəinki Qarabağı, hətta İrəvanı belə erməni işğalından azad edə bilər. Nədən ki, onlar təxminən 1340 il bundan əvvəl Kərbəla çölündə Yezid ordusuna qarşı döyüşərək şəhid düşən İmam Hüseyndən ilham alıblar: “Bu il Ərbəin günlərində Azərbaycan Respublikasından 70 min cavan Kərbəlaya getdi. Onlar İmam Hüseyndən (ə) ilham alıblar. Onlara icazə versəniz, bütün Ermənistanı alarlar.”

Ovqat.com-un zəruri haşiyəsi:

Ayətullah adı daşıyan dini elmlər xadiminin bu sözləri, doğrusu, məntiqli  fikirdən çox, xürafata bənzəyir. Sözsüz ki, biz də şəhadət duyğusuyla silahlanmış insanların daha güclü olduğuna inanırıq. Amma Dağlıq Qarabağ məsələsinin yalnız Ermənistanla Azərbaycan arasında  həll ediləcək problem olmadığı da bir həqiqətdir. Ya səhvən, ya məcburən beynəlmiləlləşmiş Qarabağ problem yalnız hərbi yolla həll edilə bilməz. Azərbaycan diplomatiyası da ən azı hərbçilərimiz qədər tər tökməli və dünyanı Dağlıq Qarabağda keçiriləcək anti-terror əməliyyatının vacibliyinə inandırmalıdırlar. Əks halda Azərbaycan öz haqq işində haqsız duruma düşə, böyük itkilərlə üzləşə bilər. Necə ki, İran içi ağıl və diplomatik uğurlarla doldurulmamış kor-koranə iman gücünün sayəsində ağır sanksiyalara məruz qalıb və ölkə prezidenti Həsən Ruhaninin də etiraf etdiyi kimi, tarixinin ən ağır iqtisadi və siyasi böhranıyla çarpışır.

 

Üstəlik, onun İraq və Suriyada uzun illərdir apardığı  döyüşləri də qələbə adlandırmaq çətindir. Düzdür, İranın dəstəklədiyi  Həşdi-Şabi qüvvələri İŞİD vəhşiliyinə son qoya bildi. Amma bu gün özləri İraqın yeni İŞİD-ı halına gəliblər. İraq xalqı iki aya yaxındır ki,  qiyam qaldıraraq  İrana bağlı qüvvələrin ölkəni tərk etməsini tələb edir. Yəqin ki, İran sonda İraq xalqının bu iradəsilə razılaşacaq. Amili həzrətlərinin dediyi qələbə budurmu?

Yeri gəlmişkən, cənab Amili unutmamalıdır ki, Həsən Ruhani ondan kiçik ayətullah deyil və İran İslam İnqilabının ərsəyə gəlməsində ən ciddi iş görənlərdən biridir. Onun belə, şübhə ilə baxdığı ucuz qəhrəmanlıqların millətə xeyir və ya zərər gətirəcəyi mübahisəyə açıqdır. Zira qələbə  xürafatla deyil, ağıl və hərbi manevr qabiliyyətilə qazanılır. Bəzən hərbi zərurətlər ürəyin qan ağlasa belə, düşmənə vurulacaq zamanı gözləməyi  tələb edir. Peyğəmbər demişkən, “elə zaman gələcək ki, oturmaq yürüməkdən daha xeyirli olacaq”.

Ayətullah Seyid Həsən Amili onu da unutmamalıdır ki, qazanılan hər müharibə uğurlu qələbə sayılmır. Hərb tarixində bir də məğlubiyyətə bərabər Pirr zəfərləri var. Azərbaycan da bu durumla qarşı-qarşıya qalmamaq üçün zamanını və məqamını gözləyir. Ordumuzun və gənclərimizin 2016-ci ildə Dağlıq Qarabağda aparılan 3-4 günlük Aprel döyüşlərində ortaya qoyduğu əzm bu millətin igid və qəhrəman övladlarının 70 mindən dəfələrlə çox olduğunu göstərir.

 

Görünür, onlardan sadəcə bir qismini Ərbəin yürüşlərində görən cənab ayətullah da yalnız bu qüvvə ilə Qarabağın işğaldan azad edilə biləcəyi qənaətinə gəlib. Əgər belə düşünürsə, haqlıdır. Amma onda da gərək hörmətli imam-cümə hər həftə dilə gətirdiyi cümə xütbələrindəki ritorikasına bir azcıq əl gəzdirə. Əks halda onun Azərbaycan haqqında demək istədiyi mədhiyyələr yanlış anlaşıla bilər.

Həzrət Ayətullah Amili xütbəsinin davamında ABŞ-a arxayın olanların ağır durumla üzləşdiyini konkret faktlarla diqqətə çatdıraraq deyib: “Amerikanın Suriyada ən yaxşı müttəfiqləri kürdlər idi. Lakin Amerika onlara kürəkdən xəncər vurdu və onları tək qoyub Suriyadan çıxdı. Suriyaya hücumda Amerikanın ikinci müttəfiqi Türkiyə idi. Türkiyə Amerikaya ən böyük xidməti göstərmiş və əməkdaşlıq etmişdir. Lakin Amerika Türkiyəyə də kürəkdən xəncər vurdu və bu ölkəyə qarşı ən ağır sanksiyalar qoydu. Bütün bunlar göstərir ki, Tramp güvəniləsi adam deyil və bizim ölkəmiz onunla müzakirə etməməkdə çox düzgün iş görmüşdür.”

 

İmam-cümə daha sonra vurğulayıb: “Erməni lobbisi Amerikada çox güclüdür. Onlar Birinci dünya müharibəsində ermənilərin soyqırıma məruz qalması iddiasını Amerika Konqresinə çıxara bildilər və 405 səs lehinə, cəmi 16 səs əleyhinə olmaqla soyqırımı layihəsini qəbul etdilər. Tramp dövləti də onlarla əməkdaşlıq etdi və Türkiyəyə qarşı ağır sanksiyalar tətbiq etdi. Bu vəziyyət göstərir ki, Azərbaycan dövləti erməni lobbisindən ən ağır zərbəni almışdır və bundan sonra da zərbə alacaqdır”.

Ayətullah Amilinin fikrincə, Azərbaycanın dövlət adamları bilməlidirlər ki, nə qədər geciksələr iş çətin və qeyri-mümkün olacaq: “Əgər bu işi işğalın ilk vaxtlarında bitirsəydilər, bugünkü mürəkkəbliyə düçar olmazdılar.”

 




Ana səhifəyə qayıt        Baxış: 2 904          Tarix: 14-11-2019, 14:51      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent