Xəbər lenti
Dünən, 12:07
6-12-2019, 21:03


 Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq,

Vətən daşın xəzinətək varlığıyla ovuclamaq.

Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!

Şəhid olmaq-bir arzuya çatmaq üçün,

Min arzunun yollarını açmaq üçün,

Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!

Kim sevəcək bu Vətəni, biz sevməsək?

Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?

Şəhid olmaq xəyanətə dözümsüzlük,

Şəhid olmaq-mən demədən Vətən deyib,

Sinəsini bu torpağa sipər edən bölümsüzlük!

Şəhid olmaq ölmək deyil,

Dünya boyda ölümsüzlük!

Bəli, ölümsüzlüyə gedən yolun yolçuları heç zaman qəhrəman olmaq arzusunda olmurlar. Onları ölümsüz edən amalları, məqsədləri olur. Belə bir məsəl var, deyir - igid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır.

Həyatını, ailəsini düşünmədən təhlükənin üstünə getmək ancaq əsl Vətən oğluna xas olan cəhət ola bilər. Həmin an ancaq bir şey fikirləşir Vətən oğlu - təhlükəni dəf etmək!

Vətən oğlu! - Bu torpaqda doğulub boya-başa çatan hər kəs Vətən oğludur. Pisi də, yaxşısı da. Necə deyərlər beş barmağın beşi də bir olmaz.

Dar gündə alçaqlı, ucalı onlar hamısı Vətən üçün birləşir. Düşmənin başını əzmək üçün düyünlənmiş yumruğa dönür.

Bir də əsl Vətən oğulları, övladları var. Onlar öz mənliyi, əxlaqı, xarakterləri ilə ayrıcalıq təşkil edirlər.

Kapitan Ceyhun Orucəliyev - indi bu adı çoxları tanıyır. Mən də onu 2014-cü ilin aprel ayından tanıyıram. Amma onu mən şəhid adıyla tanıdım. Həmin gün - 2014-cü il aprelin 7-də ürəkləri göynədən bir xəbərlə başladı bu tanışlığım.

"Azərbaycanla Ermənistan cəbhəsinin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev və daha 2 əsgər şəhid olub." Və elə həmin an da bildim ki, Ceyhun Orucəliyev şəxsiyyətinə, sənətinə dərin hörmət bəslədiyim şair Xanəli Kərimlinin qardaşı oğludur. Təəssüfləndim. Amma təəssüf etsəm də, bu heç nəyi dəyişdirmirdi. Artıq alışmaq istəmədiyimiz bir şeyə alışmışdıq biz. Bu torpağın say-seçmə oğulları düşmən tərəfindən seçilərək, öldürülürdü. Gah snayper gülləsinə tuş gəlir, gah minaya düşür, gah da azğın düşməni qanına qəltan edərək şəhid olurdular.

Bəlkə də onlar şəhid adı qazandıqları üçün mən demədən, Vətən deyib düşmən üstünə, təhlükəyə atıldıqları üçün bizə say-seçmə görünürlər. Qəhrəmanlar, şəhdilər adilikdən yüksəkliyə ucaldıqları üçün əbədi həyat qazanır. Biz Cəfəri də, Zamini də Yusifi də, Mübarizi də, onlarla, yüzlərlə oğullarımızı da belə itirmişik. Yox itirməmişik. Onların timsalında biz qəhrəman şəhid oğullu Vətənə sahib olmuşuq. "Can Vətən əmanəti"-deyənlərin əmanətidir bu torpaq!

1983-cü ilin 31 oktyabrında Şahbuz rayonunun Mahmudoba kəndində Pirəli dayının ailəsində dünyaya göz açıb Ceyhun. Uşaqlığı bütün kənd uşaqları kimi Şahbuzun dağlarında, düzlərində keçib. Vətən sevgisini də qocaman dağların ab-havasından alıb. Bəzən qoyun-quzu dalınca qaçdığı, çaylarında, göllərində balıq tutduğu, gül-çiçək topladığı bu qaraca torpağın şəhid qurbanı olacağını düşünmədən yaşamışdı bu dağ kəndində. Ceyhunun o zaman elə uşaq çağlarından düşündüyü zabit, hərbçi olmaq istəyi idi. Bu istək onu Cəmşid Naxçıvanski adına liseyin Naxçıvan filialının kursantı olmağa gətirib çıxardı.

Hərbi liseydə aldığı dərslər, keçdiyi təlimlər Ceyhunun Vətən sevgisini, vətənpərvərlik duyğularını daha da mətinləşdirdi. 2001-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvana növbəti səfəri zamanı gənc, şivərək oğlan olan Ceyhun Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk kursantı kimi orada iştirak etdi. Bu gün sosial şəbəkələrdə hər kəsin eşitdiyi bu 2 dəqiqəlik çıxışda Ceyhun Orucəliyev mənliyini, xarakterini, vətənpərvərliyini aydın xarakterizə edir. "Biz vətənimizə sadiq olacağıq, yurdumuzu işğaldan azad edəcəyik"- deyən və çıxışını bir şeir parçası ilə bitirən Ceyhun yəqin ki, 13 il sonra qəhrəman kimi Azərbaycanın azadlığı uğrunda şəhid olacağını, bir ata-ananın oğulluğundan çıxıb Vətənə oğul olacağını düşünməmişdi. O, bir əsgər, bir zabit, bir hərbçi kimi Vətən qarşısında and içmiş və andına sadiq qalmışdı. 2005-ci ildə Azərbaycan Ali Hərbi məktəbini bitirən Ceyhun Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətə başlamışdır. Hər zaman komandanlığın hörmətini qazanan, layiqli xidmətinə görə təşəkkürlər, təltiflər alan Ceyhun döyüş bölgəsini bir an da olsun tərk etmədi. İnsanın həqiqi gücü biləyində yox ,diləyindədi deyiblər. Özünü Vətən torpağına əmanət edən Ceyhunun bu dünyada iki övladı -Duyğu və Aylini əmanət qalıb. Atalarının getdiyi yolun qiymətini onlar böyüdükcə anlayacaq. Şəhidliyin hər kəsə nəsib olmadığını yaşa dolduqca başa düşəcəklər. Mən inanıram, onlar atalarının adına layiq övlad olacaqlar.

Kapitan Ceyhun Orucəliyev ölümündən sonra Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Şair Məmməd Tahir ölməz şəhidimizin xatirəsinə "Qanadı yanmış pərvanə" adlı poema həsr edib. Poemanı oxudum və onun son sətirlərini sizinlə bölüşmək istədim:

Xırdalanda bir məzar var..

Şəhid məzarı...

Sinəsi dağlar körpəsi,

Bir gözü yaşlı yarı..

Durmuşam o məzarın önündə

Sinəmdəki qəmi ürək oynadır..

Gözümdəki nəmi külək oynadır...

Hava aydın, günəşli,

Torpağı odlu-atəşli,

Hamı əkində-biçində,

Hamının içində yanan bir şam,

Gözlərində inam...

Göyərər səhər, axşam

Bu məzarın üstündə

Vətənin uzanmış qolu...

Bu yol Vətən üçün

Bu yol insanlıq yolu...

Bu yurd o qədər ucadır

Dərdini kimsəyə bildirməz.

Bəzən içində ağlar,

Vətən göz yaşı tökməz..

Vətən içində ağlar,

Vətən döyüşməyə igid istəyir,

Yolunda ölməyə şəhid istəyir.

Şəhid olmasaq sən, mən

Böyüməz torpaq, ucalmaz Vətən!

Bəli, Vətəni ucaltmaq üçün, Vətəni yaşatmaq üçün yüzlərlə şəhid verdik. Biz bu şəhidlərin qısasını necə alacağıq? Mümkün olan nədir? Mümkün olan torpaqlarımızın işğaldan azad olunmasıdır. Qəhrəman vətən oğullarının həlak olduğu yerdə onların qürurunu, əzmini, hərbi qüdrətə doğru gedəcək yolunu göstərəcək heykəlləri qoyulmalıdır. Vətənin azadlığı Ceyhun kimi oğulların əvəzidir.

Onlar bu gün də bizim yanımızdadır. Onlar azadlıq mələyi kimi hər zaman başımızın üstündə dayanıblar. Fikirlərimi türk şairi Nihal Atsızın vətənpərvər bir şeiri ilə sona çatdırmaq istərdim.

Qəhrəmanlıq nə yalnız

Bir yüksəliş deməkdir.

Nə də yıldızlar kibi

Parlayıb sönməməkdir.

Sızlarsa da könüllər

Şəhidlərin yasından,

Qoşar addım getməli

Onların arxasından!

Qəhrəmanlıq, içərək

Ani ölüm taşından

Irəliyə atılmaq və

Sonra dönməməkdir.

Ruhun şad olsun, elimizin igid şəhidi!

Təranə Əliyeva,

Naxçıvan




Ana səhifəyə qayıt        Baxış: 137          Tarix: 2-11-2019, 08:51      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent